Yüklənir...
Hamiləlik hər bir ailənin həyatında ən mühüm və əlamətdar dövrlərdən biridir. Cinsi həyat kimi incə və həssas sferada da əsaslı dəyişikliklər baş verir. Əvvəllər Azərbaycanda belə bir fikir hökm sürürdü ki, fəal cinsi həyat hamiləliyin yarımçıq kəsilməsinə gətirə və ya dölə zərər yetirə bilər. Lakin elmi araşdırmalar göstərir ki, xüsusi tibbi əksgöstərişlər olmadıqda, uşaq gözləməkdə olan cütlükdə seksual münasibətlər nəinki zərər vurmur, hətta, əksinə, ər-arvad arasında inamın yaranmasına, ailədə müsbət atmosferin formalaşmasına səbəb olur. Lakin ailənin adi cinsi həyatından fərqli olaraq, hamiləlik vaxtı cinsi həyatın bəzi xüsusiyyətləri var.
Hamiləlik vaxtı cinsi münasibətlər
Əgər hamiləliyə üç trimestrə (3 aya) bölərək nəzər salsaq, onda əksər qadınlara xas olan qanunauyğunluqları üzə çıxarmaq olar - ilk 3 ay seksə maraq azalır, növbəti 3 ay – artır, sonuncu 3 ay – yenədə azalır.
Hamiləliyin birinci trimestrində(3 ay) cinsi münasibətlər
Birinci trimestrdə, bir qayda olaraq, seksual fəallıq bir qədər azalır. Bu çətin bir missiyaya – sağlam uşaq yetişdirməyə hazırlaşan orqanizmdə baş verən dəyişikliklərlə bağlıdır. Bu arada həm toksikozun (o, güclü olarsa), həm də psixoloji amilin (körpəsinə zərər yetirməkdən qorxan qadın şüurlu şəkildə özündə seksual instinkti boğur) da əhəmiyyəti az olmur. Yadda saxlamaq lazımdır ki, birinci trimestrdə hamiləlik çox həssas keçir. 4-cü, 8-ci və 12-ci həftə, yəni hamiləlikdən kənar menstrual qanaxmalarla üst-üstə düşməli olan dövr daha təhlükəlidir. Birdə uşağın düşməsi ehtimalı, əvvəlki hamiləliyin yarımçıq kəsildiyi dövrlərdə artır. Həmin günlər seksual kontaktları istisna etmək tövsiyə olunur. Lakin intim münasibətləri tamamilə istisna etmək lazım deyil – erkən dövrlərdə mütəmadi seks körpəyə nəinki zərər yetirmir, hətta cinsi əlaqədən irəli gələn pozitiv hisslərədə səbəb olur.
Hamiləliyin ikinci trimestrində(3 ay) cinsi münasibətlər
İkinci trimestr yüngülləşmə trimestridir. Qorxu yavaş-yavaş gələcək ananı tərk edir, qadın özünü yaxşı hiss edir və onun beynində hətta hamiləlik dövründə seksin mümkünlüyü haqqında fikirlər yaranır. Hamiləliyin 18-20 həftəsindən sonra ana artıq böyümüş qarnında dölün tərpəndiyini hiss edir ki, bu da ona uşağın vəziyyətinin normal olduğunu göstərməklə daha da onu sakitləşdirir. Buna görə də ikinci trimestrdə əksər ailələrdə "hamiləlik seksi" dövrü başlayır. Bu dövr, bal ayı kimi, ən əlamətdar dövrlərdən biri olur. Tibbi göstərişlərə görə, sekslə məhz ikinci trimestrdə məşğul olmaq daha məsləhətdir – bu dövrdə döl artıq uşaqlıqda möhkəmlənmiş olur.
Hamiləliyin üçüncü trimestrində(3 ay) cinsi münasibətlər
Üçüncü trimestr – eniş trimestridir. Bunun səbəbləri çoxdur. Birincisi, qadının qarnı artıq kifayət qədər böyük olur və bu əri ilə əlaqəsini çətinləşdirir; ikincisi, seks zamanı ağrı ehtimalı da artır. Üçüncüsü, qadın uşağın taleyinə və yaxınlaşmaqda olan doğuşa görə narahat olur və buna görə də onu yenidən qorxu basır. Üçüncü trimestrdə seksual əlaqələrdə gələcək anaya görə bir qədər ehtiyatlı olmaq lazımdır. Bilavasitə doğuşdan əvvəl olan cinsi əlaqə doğuş ağrılarına səbəb ola bilər, buna görə də doğuşa 3-4 həftə qalmış intim əlaqədən imtina etmək yaxşı olar.
Hamiləlik vaxtı cinsi əlaqə üçün hansısa tibbi əks göstəriş varmı?
Tibbi baxımdan məhdudiyyətlər haqqında aşağıdakı hallarda söyləmək olar:
1. Hamiləliyin yarmçıq kəsilmə təhlükəsi olduqda;
2. Uşaq salma təhlükəsi olduqda ya da əvvəlki hamiləlikdə uşaq salma halları olduqda;
3. Erkən doğuş (anamnezdə) olduqda;
4. Döl ətrafında olan mayenin axması (infeksiya riskinin yüksək olması);
5. Ciftin aşağıda yerləşməsi;
6. Çoxdöllü hamiləlik;
7. Qanlı ifrazatlar (mütləq həkimlə məsləhətləşmək lazımdır, çünki bu, eroziyalayaşmış uşaqlıq boynundan qanlı ifrazatlar ola bilər);
8. Partnyorlardan birində infekskiya əlamətləri olduqda (hər iki partnyor infeksiyanın olub-olmamasına yoxlanmalı və infeksiya olduqda, onu hələ hamiləlik başlamazdan öncə müalicə etmək lazımdır).
Bundan başqa, məhdudiyyətlər hamiləlik başlamadığı təqdirdə, menstruasiyanın başlamalı olduğu günlərə də aiddir. Bu zaman uşaq salma riski bir qədər artır, çünki qadının orqanizmi uşaqlığın tsiklik dəyişmələrinə və boşalmalarına adət etmişdir. Gələcək ana oz duyğularına diqqətli olmalıdır: cinsi aktdan sonra ağrı hisslərinin, qanlı ifrazatların yaranması həkimə müraciət etməyi və cinsi həyatın mümkünlüyü, onun aktivlik dərəcəsi, məhdudlaşdırma müddəti və s. ilə əlaqədar məsləhətləşməyi tələb edir.
Hamiləlik vaxtı cinsi münasibətlər gələcək uşağa ziyan vururmu?
Yox, uşaq qalın uşaqlıq divarları, amniostik köpüklə (döl ətrafında olan maye) və uşaqlıq boynunu demək olar ki, tamamilə bağlayan selikli qişa ilə müdafiə olunur. Əksinə, cinsi əlaqə zamanı qan dövranı güclənir, nəticədə uşaq cift vasitəsilə daha çox oksigen və qida maddələri alır.
Hamiləlik vaxtı cinsi əlaqə üçün hansı pozalar yararlıdır?
Hamiləlik vaxtı hər iki partnyor üçün rahat olan pozaları seçmək yaxşı olar. Poza rahat olmalı və gələcək ananın qarnına həddindən artıq təzyiq etməməlidir. Buna görə də ənənəvi "missioner" pozası (qadın kürəyi üstündə, kişi isə üstdə) və hamilə qadının qarnı üstə pozası optimal hesab olunmur. Bu dövrdə seks üçün ən yararlı poza – qadın və kişinin yan üstə(на боку – rus.) olmasıdır. Kişi bu zaman arxada olur. Amma bu mütləq deyil, cütlük hər iki partnyor üçün əlverişli olan pozanı seçə bilər.
Doğuşdan sonra cinsi münasibətlər
Doğuş problemsiz, cərrahiyyə müdaxiləsi, aralığın cırılması olmadan keçdikdə, seksual sakitlik 6-8 həftə davam etməlidir. Bəzi cütlüklər bu müddəti gözləyə bilmir. Bununla əlaqədar ən azı qan ifrazatı dayananadək gözləmək məsləhətdir. Adətən ifrazat 2-4 həftə davam edir.
Yekun
Hamiləlik – ər-arvadın həyatında xüsusi dövrdür. Arzu olunan uşağın gözlənməsi birgə həyatınızda ən xoşbəxt anlardandır. Ər-arvadın bir-birinə məhəbbəti, diqqəti, bir-birini qarşılıqlı anlaması isə nəinki intim sferadakı münasibətləri möhkəmləndirər, həm də bu dövrü yeni, uzun bir "bal" dövrünə çevirə bilər. Uğurlar!
Müəllif: Dr. Orxan Ağabəyov