Yüklənir...

Cinsi infeksiyaların müalicəsi

Cinsi infeksiyaların müalicəsi

1. Tibbi kömək üçün vaxtında müraciət etmək vacibdir.

İnsanın özbaşına antibakterial preparatları qəbul etməyə başlaması və yalnız klinik təzahürlərin yoxa çıxmadığını gördükdən sonra həkimə müraciət etmək qərarını verməsi böyük bir səhv hesab edilir. Bu halda iltihabın əsl törədicisini müəyyən etmək ehtimalı kəskin surətdə azalır, bu isə müalicənin keyfiyyətinə və müddətinə təsir edə bilər.

2. «Hərə özünə görə cavabdehdir».

Müalicənin cinsi partnyorun həkimi tərəfindən verilən tövsiyələrə uyğun olaraq aparılması da böyük bir səhv hesab edilir. Birincisi, fakt deyil ki, cinsi partnyorda aşkarlanmış infeksiya Sizdə də var. Yoluxma həm törədicinin virulentliyindən(yoluxuculuğundan), həm də cinsi əlaqə anında Sizin immunitetinizin vəziyyətindən asılıdır. Antibakterial preparatlardan yersiz istifadə immuniteti zəiflədir, və növbəti dəfə, zəifləmiş immunitet fonunda yoluxma ehtimalı daha yüksək olacaqdır. İkincisi, infeksiya kişilərdə və qadınlarda iltihabi prosesə ayrı-ayrı orqanlarda səbəb olur, cinsi partnyorlarda iltihabi prosesin ifadə olunma dərəcəsi də fərqlənə bilər. Buna görə də, cinsi yolla ötürülən infeksiyanın cinsi partnyorlardan birində aşkarlanması ikinci partnyorun müalicəsi üçün yox, müayinəsi üçün göstəriş olmalıdır. “Hərə özünə görə cavabdehdir” şüarı həmçinin aparılmış müalicə kursundan sonra cinsi partnyorların müayinəsi zamanı da keçərlidir.

3. Müayinə hərtərəfli olmalıdır.

Məlum faktdır ki, bir çox hallarda yoluxma bir yox, bir neçə infeksiya ilə baş verir. Buna görə də, “nail olunmuş nəticə ilə kifayətlənmək olmaz”. Məsələn, süzənəyin (qonoreyanın) aşkarlanması xlamidiyaların və ya sifilisin olmasını istisna etmir. Müayinənin həyata keçirilməsi ən çox antibakterial terapiyaya başlamazdan əvvəl məqsədəuyğundur.

4. Müalicə əsaslı şəkildə aparılmalıdır.

Darvinin qanununu həmişə yadda saxlamaq lazımdır: təkamüli inkişaf zamanı ən güclü fərdlər sağ qalır. Natamam antibiotikoterapiya ona gətirib çıxarır ki, ondan sonra ən dayanıqlı mikroorqanizm koloniyaları sağ qalır və onlara növbəti müalicə kursu zamanı təsir etmək daha çətin olacaqdır.

5. Prezervativlərin istifadə olunması çox vacibdir.

Tək müalicə kursu zamanı yox, həm də kontrol müayinələrdən əvvəl cinsi əlaqələrdən çəkinmək və ya prezervativlə yaxşı-yaxşı qorunmaq lazımdır. İnfeksiyanı bir müalicə kursu ilə aradan qaldırmaq heç də həmişə mümkün olmur. Müalicədən sonra yoluxmamaq və ya heç kimi yenidən yoluxdurmamaq çox vacibdir, xüsusən də partnyorlardan birində infeksiya tam müalicə olunmadığı halda.

6. Tövsiyə olunan müddətlərdə müalicədən əvvəl aşkarlanmış bütün infeksiyalar, müalicədən sonra mütləq qaydada yoxlanılmalıdır.

Kontrol müayinələrin müddətlərinə riayət etməmə həm yalançı-müsbət, həm də yalançı-mənfi nəticələrin ortaya çıxmasına səbəb ola bilər. Cinsi yolla ötürülən xəstəliklərə görə erkən bakterioloji müayinə nəticə verməyə bilər (hətta infeksiyalar olsa belə), çünki mikrob cisimlərinin miqdarı onların bakterioloji mühitlərdə böyüməsi və vizualizasiyası üçün kifayət etməyəcək. Digər tərəfdən, PZR (polimeraz zəncirvari reaksiyası) üsulu (bugünkü gündə çox geniş yayılıb) mikrob hüceyrəsinin fraqmentini müəyyən edir, lakin bu hüceyrənin sağ olub olmaması sualına cavab vermir. Antibakterial müalicə zamanı mikrob hüceyrələri həlak olur, lakin kifayət qədər vaxt keçməlidir ki, bu hüceyrələr insan orqanizmində parçalansın və mənimsənilsin – bu proses eliminasiya adlanır. Müalicədən sonra erkən PZR-müayinə zamanı mikrob cisimlərinin tam eliminasiya olunmaması səbəbindən müsbət (pozitiv) nəticə almaq olar. Bu lazımsız təkrar müalicə kurslarına səbəb ola bilər.

Müəllif: Dr. Orxan Ağabəyov